2026-cı il tarixdən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliyə əsasən ƏDV qeydiyyatının ləğvi necə tənzimlənəcək?
Bildiyimiz kimi Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan az olarsa o zaman ƏDV qeydiyyatını ləğv olunması ilə bağlı ərizə ilə müraciət edə bilər.
Məsələn ƏDV ödəyicisi olan vergi ödəyicisinin son 01.07.2024-cü il tarixdən 30.06.2025-ci il tarixinədək olan vergi tutulan dövriyyəsi 80000.00 manatdır. Vergi Məcəlləsinin 158.2-ci maddəsinə vergi ödəyicisinin hüququ var ki, 01.07.2025-ci il tarixdən etibarən ƏDV qeydiyyatının ləğvi ilə bağlı ərizə ilə müraciət etsin.
2026-cı ildən Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliyə əsasən pərakəndə ticarət və əhaliyə xidmət göstərən ƏDV ödəyicisinin ƏDV qeydiyyatının ləğvi ilə əlaqədar son 12 aylıq vergi tutulan dövriyyəsi müəyyən edilərkən POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal ilə müəyyən ediləcək.
Məsələn, məişət avadanlıqlarının pərakəndə satışı ilə məşğul olan ƏDV ödəyicisinin 01.02.2026-cı ildən 30.01.2027-ci il tarixədək olan dövr ərzində ƏDV-yə cəlb edilən dövriyyəsi 160000,00 manatdır. Həmin dövriyyənin 140000,00 manat hissəsi POS-terminal vasitəsilə nağdsız qaydada satışdan, 20000,00 manat hissəsi isə nağd qaydada satışdan formalaşıb. Mövcud qanunvericiliyə əsasən ƏDV ödəyicisinin ƏDV qeydiyyatının ləğvi ilə bağlı müraciət etmək hüququ yoxdur. Çünki son 12 aylıq vergi tutulan dövriyyənin həcmi 100000,00 manatdan artıqdır. Lakin qeyd edilən müvafiq əlavə və dəyişiklik qüvvəyə minərsə o zaman ƏDV ödəyicisinin POS-terminal vasitəsilə satışdan formalaşan dövriyyəsi 0,5 əmsal ilə 70000,00 manat kimi nəzərə alınacaq. 20000,00 manat məbləğində nağd satış vasitəsilə formalan dövriyyəni də nəzərə alsaq ƏDV ödəyicisinin ümumi dövriyyəsi 90000,00 manat(140000,00*0,5+20000,00) kimi nəzərə alnacaq ki, bu dövriyyə də vergi ödəyicisinə ƏDV qeydiyyatının ləğvi ilə bağlı vergi orqanına ərizə ilə müraciət etmək hüququ verəcəkdir.
Burada diqqət etmək lazımdır ki, ƏDV ödəyicisinin POS-terminal vasitəsilə satışdan formalaşan dövriyyəsi müəyyən edilərkən 2025-ci ildə POS-terminal vasitəsilə satışdan formalaşan dövriyyəsi 0,5 əmsal ilə nəzərə alınmayacaq, həmin dövriyyələr tam olaraq nəzərə alınacaqdır.